Əsas Səhifə > Azərbaycan / Economics / Melange / Manşet / Üst manşet / Sağ xəbərlər > Nərgiz Muxtarovaya hökm oxunub

Nərgiz Muxtarovaya hökm oxunub


Bu gün, 18:58.
title}


İyulun 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə ittiham olunan vətəndaş cəmiyyəti fəalı Nərgiz Muxtarovanın ittiham olunduğu iş üzrə yekun məhkəmə prosesi keçirilib.

Civilazerbaijan.com
bildirir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Nərgiz Muxtarovaya 3 ili sınaq müddəti olmaqla 7 il 6 ay müddətinə şərti həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə təqsirli bilinib.

Fəala qarşı daha əvvəl irəli sürülən 313-cü (Vəzifə saxtakarlığı) maddəyə isə xitam verilib.

"QHT işi” üzrə həbslər 2025-ci ilin martında başlayıb. Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay və "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov saxlanılıb. H.Həsənov sonradan ev dustaqlığına buraxılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin vəzifə saxtakarlığı və qanunsuz pul vəsaitlərini leqallaşdırma daxil olmaqla bir neçə maddəsi üzrə ittiham irəli sürülüb.

Həmin ilin aprelində isə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.

İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.

İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.

Qeyd edək ki, Nərgiz Muxtarova “AbzasMedia işi” üzrə 9 il azadlıqdan məhrum edilmiş AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadənin həyat yoldaşıdır. Onların 2 yaşlı qızı var və bu uşaq atasının həbsindən bir neçə ay sonra doğulub.

"AbzasMedia işi" üzrə qaçaqmalçılıq və başqa qanunsuz əməllərdə təqsirləndirilən 7 jurnalistə 9 ildən 7 il 6 ayadək həbs cəzası verilib. Fərid Mehralizadə ittihamı qurama sayır.
Geri qayıt